Quba rayonu, Möhüc kəndində sakinlər elektrik, su, qaz problemlərinə çarə tapa bilmirlər.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, elektrik dirəklərinin 90%-i qəzalı vəziyyətdədir.
“Elektrik dirəkləri ya əyilib, aşmaq üzrədir, ya da taxta hissələri çürüyüb. Bu dirəklər hər an aşıb faciəyə səbəb ola bilər. Hətta dirəklərdən biri də aşıb - xoşbəxtlikdən heç kimə ziyan dəyməyib. Bəzi yerlərdə isə dirəklər xətləri yox, xətlər dirəkləri saxlayır.
Eyni zamanda, qəzalı vəziyyətdə olan dirəklərdən biri məktəbin həyətinə doğru əylib. Biz məktəbə təhsil almaq üçün göndərdiyimiz övladlarımızın yaralanmasını, hər hansı ziyanla qarşılaşmasını istəmirik”,- deyə kənd sakinləri narahatlıqlarını dilə gətiriblər.
Kənddə bir az külək əsən, yağış yağan kimi elektrik enerjisinin ya kəsildiyini, ya da fasilələrlə verildiyini deyən kəndlilər sözlərinə belə davam ediblər:
“Rayon mərkəzindən sadəcə 18 km uzaqlıqda yerləşən Möhücdə içməli su ehtiyacımızı hələ də at, eşşək və ya maşınla daşıyaraq qarşılayırıq. Qaz təchizatına gəldikdə isə, ümumiyyətlə, yoxdur.
Biz bütün problemlərimizin aidiyyəti qurumlar tərəfindən görülüb, lazimi addımların atılmasını istəyirik”.