Zərqava kəndi Quba rayonundan 42 km aralıqda, Böyük Qafqazın Yan silsiləsinin ətəyində yerləşir. Kəndin adı, həmçinin “Zərqova” kimi də tanınır.
Bir versiyaya görə, kəndin adı tat dilindəki “zər” (sarı) və “ov” (su) sözlərindən düzəlib, “sarı su” mənasını ifadə edir. Digər versiyaya görə isə kəndin adı “zərq” (keçmişdə dərviş sufilərin göy rəngli paltarının adı) və “oba” komponentlərindən ibarətdir. Bu isə “Göy paltarların obası” deməkdir.
Kənddə XIII əsrdən ölüləri öz həyətində dəfn etmək adət-ənənəsi mövcuddur. Bu isə həmin dövrdə bu ərazidə 26 tayfanın məskunlaşması ilə bağlı idi. Burada yaşayan hər tayfa vəfat edən qohumunu öz həyətində dəfn edib.
Sakinlərin həyətyanı sahələrdə dəfn edilməsi İkinci Dünya müharibəsi zamanı daha da kütləvi hal alıb. Bunun səbəbi isə kənddə ölülərin başqa yerdə dəfn edilməsinin mümkün olmaması idi.
Hazırda bu adət-ənənənin yaşadılması haqqında iki fikir mövcuddur. Bəziləri düşünürlər ki, bu adət hələ də yaşayır. Lakin kənd sakinlərinin sözlərinə görə, bu adət-ənənə keçmişdə qalıb.
1860-cı ildə Zərqava kəndinin yaxınlığında zəlzələ baş verib. Zəlzələ vaxtı nə sakinlərə, nə də mal-qaraya zərər dəyməsə də, 4000-dən artıq ağac məhv edilmişdi.
1914-cü ilə aid rəsmi məlumata əsasən, kənddə 686 nəfər yaşayıb. 2009-cu ildə isə kəndin əhalisi 1313 nəfər təşkil edib. Zərqava kəndinin əhalisini daha çox tatlar təşkil edir.
[caption id="attachment_34423" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
İstinad edilən mənbələr: