Metal üzərində bədii döymə çox xüsusi və incə bir sənət növüdür. Tarixi çox qədim dövrlərə gedib çıxır və müxtəlif mədəniyyətlərdə fərqli məqsədlər üçün istifadə olunub. Metal üzərində döymə, həmçinin oyma, qazınma və vurma texnikaları ilə yanaşı, bəzən zərgərlik sənətinin bir hissəsi kimi də inkişaf edib. Bu sənət növünün tarixi, mədəniyyətlərin və cəmiyyətlərin inkişafı ilə paralel olaraq zənginləşib.
Metal üzərində bədii döymə sənəti, tarix boyu müxtəlif mədəniyyətlərdə həm simvolik, həm də bədii məqsədlər üçün istifadə edilib. Bu sənət növü, dövrün tələblərinə və texnoloji inkişaflara uyğun olaraq hər zaman yenilənib və zənginləşib. Metal üzərindəki döymələr, həm də müxtəlif mədəniyyətlərin zəngin tarixini və estetik dəyərlərini özündə daşıyır.
Bu cür sənət, həm də müasir sənətkarlıq və zərgərliklə inteqrasiya olunur, beləliklə, döymə həm bədii, həm də funksional bir hala gəlir.
Shimal.News-un əməkdaşı metal üzərində bədii döymə sənəti ilə məşğul olan sənətkar Zeydulla Ağayev ilə həmsöhbət olub. O, sənətinin sirlərini bizimlə bölüşüb.
Müsahibəni təqdim edirik:
- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- Mən 1956-cı il martın 16-da Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olmuşam. Hazırda da həmin kənddə yaşayıram.
- Metal üzərində bədii döymə sənətinə necə başladınız? Bu sahəyə marağınız necə yaranıb? Ailənizdə bu sənətlə məşğul olan var?
- Ailəmizdə bu sənətlə məşğul olan ümumiyyətlə olmayıb. Uşaq yaşlarımdan incəsənətin müxtəlif növləri ilə - rəsm, taxta üzərində yandırma, oyma işləri ilə məşğul olmuşam. 17 yaşından isə metal üzərində döymə sənəti ilə məşğulam. Bu sənət üzrə təhsilim yoxdur. 40 il orta məktəbdə dil-ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərmişəm. Hazırda təqaüdçüyəm.
- Metal üzərində döymə sənətini digər döymə və ya sənət sahələrindən fərqləndirən əsas cəhətlər hansılardır?
- Əsas fərqləndirən cəhət istifadə olunan materiallardır. Bu sənət mis, latun, aliminum, gümüş kimi əlvan metallar üzərində aparılır.
- Hansı metal növləri üzərində çalışmaqda daha çox təcrübəniz var?
- Hazırda əsasən mis və latun üzərində işləyirəm. Daha əlverişli hesab edirəm.
- Metal üzərində döymə işlərinizin ilham mənbələri nədir?
- Sənətlə məşğulsansa, onu sevməlisən. İstənilən sənətə sevgi ilə yanaşmaq lazımdır. 50 ildən çoxdur ki, bu sənətə bağlıyam. İşimi sevə-sevə görürəm. Artıq mənim üçün iş hesab olunmur.
- Bu sənətdə ən çox istifadə etdiyiniz texnikalar hansılardır?
- Bu sənətdə əsasən əl əməyindən istifadə olunur. Çəkic və digər müxtəlif alətlər ilə də iş görülür.
- Metalın müxtəlif növləri üzərində işləmək məsələsində hansı çətinliklərlə qarşılaşırsınız?
- Ümumiyyətlə çətinlik yoxdur. Əsasən materialın tapılmasında çətinlik çəkirik. Qalan məsələlər də çətinlik yaşamırıq.
- İstifadə etdiyiniz boyalar və örtüklər haqqında nə deyə bilərsiniz?
- Metal üzərində döymə işlərində boyadan istifadə olunmur. Kimyəvi dərmanlar vasitəsi ilə müxtəlif rəng çalarları alırıq.
- Qrafik dizayn və eskizlər yaratma prosesi necə işləyir? Çox vaxt ölçü və forma dəyişirmi?
- Bütün işlər ilə özüm məşğulam. Eskizi özüm metalın ölçüsünə görə hazırlayıram.
- Dəqiqlik və detallara diqqət necə təmin edilir?
- Bu işdə dəqiq olmaq vacibdir. Dəqiqlik olmasa, yanlışlıq olacaq. İstədiyin nəticə də alınmayacaq. Ümumiyyətlə, səhv metal üzərində işləmək çox çətindir.
- Müştərilər üçün xüsusi döymələr hazırladığınız zaman, onların istəklərinə necə uyğunlaşır və bunu sənətinizə necə inteqrasiya edirsiniz?
- Müştərilər çox zaman hazır olan işlərim arasında öz seçimlərini edirlər. Sifariş edəndə də hazırlayıram.
- Bir metal üzərində çoxlu detal işləyərkən, gözlənilməz çətinliklərlə qarşılaşırsınızmı?
- Mən iş kimi yanaşmıram. Çətinliyim yoxdur. Əksinə, yorulmuram, çalışanda dincəlirəm. Bir növ zövq alıram.
- Metal üzərində döymə sənətini gələcəkdə necə inkişaf etdirmək istəyirsiniz?
- Bu sənət unudulmaqda olan sənətdir. Metal üzərində bədii döymə sənəti ilə məşğul olan sənətkarların sayı çox azdır. Mən istərdim ki, bu sənətə diqqət ayrılsın.
- Sərgilərdə əl işləriniz nümayiş olunub?
- Bakıda, Xaçmazda və bölgələrdə keçirilən sərgilərdə iştirak etmişəm. Hazırladığım əl işlərinin əksəriyyəti nümayiş olunub.
- Əl işləriniz yəqin ki, turistləri də cəlb edib.
- Mən 2017-ci ildən ABAD ilə əməkdaşlıq edirəm. Əl işlərim müxtəlif ölkələrdən gələn turistlər tərəfindən alınır.
- Sənətinizə dair müştəri rəyləri necədir?
- Müştərilər əl işlərimə böyük maraq və heyrətlə baxırlar. Çünki bu əl işlərindən heç yerdə yoxdur.
- Tələbəniz varmı?
- Bu sənət böyük dözüm, diqqət, səbir və zaman tələb edir. Ona görə də məşğul olmaq istəyən yoxdur. Ailədə oğlum Elnur və nəvələrim sənətə maraq göstərirlər.
Nəzrin Vahid