Tağaroba kəndi Xaçmaz rayonunda, şəhər mərkəzindən şimal-qərb istiqamətində yerləşir. Ehtimal edilir ki, kəndi Beyləqan şəhərindən gələn ailələr salıblar.
Kəndin adında olan “tağ” sözü “dairə, günbəz, qübbə” mənasında işlənilir. Bu mənada kəndin adı “dairəvi quruluşlu oba” mənasını ifadə edir. Digər bir fikrə əsasən, xanlıqlar dövründə “tağar” sözü ölçü vahidini bildirirdi. Tağar taxıl, düyü və digər məhsulların ölçülməsində istifadə edilirdi. Tağarın tutumu ayrı-ayrı yerlərdə müxtəlif olurdu. Bəzən “tağar” toxum səpilən əkin sahələrinə də deyilirdi. Həmçinin xanlıqlar dövründə xanədən torpaqlarında becərilən taxıldan alınma tağarbaşı adlı vergi də mövcud olub.
“Oba” sözü isə “qədim yurd, məskən, kənd” mənasındadır. Obalar maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar yaradılırdı.
Rəsmi məlumatlara əsasən, kəndin əhalisinin sayı 1914-cü ildə 155 nəfər təşkil edib, 2009-cu ildə isə burada 237 nəfər yaşayıb. Əhali, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıqla məşğul olur.
İstinad edilən mənbələr: