Xaçmazlı sənətkar ömrünün 50 ilini bədii döymə sənətinə həsr edib. Bu haqda ShimalNews 1 dekabr tarixində Apa-ya istinadən məlumat verir.
Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib. 1973-cü ildə, onun 17 yaşı olanda "Sülh" adlı ilk əsərini yaradıb.
İndi sənətkar əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Bir sənət əsərinin ərsəyə gəlməsi 1 həftədən bir neçə aya kimi vaxt tələb edir. Hazırlanan bədii əsərlər isə sifariş əsasında satılır.
Zeydulla Ağayev Azərbaycan dili və ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.
Bədii döymə sənətinə maraq olduqca azalıb. Onun gələcək nəsillərə ötürülməsi üçün sənətkar səy göstərir. Zeydulla müəllimin oğlu Elnur Ağayev və qardaşı oğlu Şaiq Ağayev də artıq döymənin sirlərini mənimsəyiblər.