Şeyx Ömər Babanın ziyarətgahı Xaçmaz rayonunun Vələmir kəndində, meşədə yerləşir.
Burada yerləşən məzarlıq Ömər adlı Şeyxə aiddir. Şeyx Ömər Baba ailəsi ilə İrandan gəlib, burada məskunlaşıb. Yerli sakinlərin sözlərinə görə, qardaşlar hər zaman insanlara kömək ediblər. Şeyxin nəslinin törəmələri hazırda Vələmir kəndində yaşayırlar.
Tədqiqatçı Paşa Yaqubun “Övliyalar məskəni. Quba mahalı” kitabında pirlə bağlı belə bir əhvalat var. Hadisə 1970-ci illərdə Xaçmaz rayon Partiya Komitəsinin Birinci katibinin göstərişi ilə Şeyx Ömər Babanın ziyarətgahına aparan yolda xəndək qazılması ilə bağlıdır. Bu işdə məqsəd ziyarətçilərin buraya gəlməsini əngəlləmək idi. Həmçinin o, pirdəki qab-qacağı yük maşınına yükləyərək, Sumqayıta göndərib.
Həmin gecə katibin ağzı əyilib. Həkimlər çox müalicə etsələr də, faydası olmayıb. Katib əlacsız qalıb, Vələmir kəndinə, Ömər Babanın nəslindən olan Məhəmməd kişinin evinə üz tutub. Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua etməsini istəyib. Məhəmməd kişi katibi ziyarətə - pirə aparıb. Nəhayət, yolu düzəldib, qabları yerinə qaytarandan sonra katibin ağzı düzəlib.

İstinad edilən mənbələr: