Quba qalası indiki Quba şəhərinin yerləşdiyi yerdə 1747-ci ildə Quba xanı Hüseynəli xan tərəfindən şəhəri yadelli işğalçılardan müdafiə etmək məqsədilə inşa olunmuşdur. Mənbələrdə Quba qalası “Qudyal qalası” kimi də qeyd edilmişdir. Quba xanlığı məhz bu qaladan idarə olunurdu.
Qalanın ərazisində bazar, hamam, məscid, xan sarayı və yaşayış evləri mövcud olub. Şəhərə giriş üçün qalanın üç qapısı olub: orta, Bakı və Qamsar. Qalanın içərisində üç küçə olub. Quba qalasından çıxmaq üçün yeraltı tunellər inşa olunmuşdur. Deyilənlərə görə, bu yeraltı yollarda faytonla getmək mümkün olub. Lakin həmin tunellərin bir hissəsi dağıdılıb, digər hissəsi isə 2011-ci ildə kanalizasiya xəttinin çəkilişindən sonra həmin xəttə qatılıb. Ehtimal edilir ki, yeraltı yolların bir hissəsi hələ də mövcuddur. Qalaya su çaydan saxsı borular vasitəsi ilə ötürülürdü.
1811-ci ildə çar Rusiyası Quba qalasının hərbi planını tərtib etmişdir. Həmin plana əsasən, qalanın mərkəzində 107 metr ölçüdə bazar var idi. Həmin zaman qalada ciddi möhkəmləndirmə işləri aparılmış, qərb və şərq tərəfdən qala divarları möhkəmləndirilmişdir. Qamsar divarının mərkəzində istehkam inşa edilmiş, bütün köhnə divarlar bərpa və təmir edilmişdir.
1806-1810-cu illərdə çar Rusiyasına qarşı mübarizədən və 1837-ci il üsyanından sonra Quba şəhərinin qala divarları müdafiə istehkamı kimi artıq öz əhəmiyyətini itirdi. Buna görə qala divarları boyu qazılmış xəndəklər doldurulmuşdur. Qalada xan Sarayının tavanı gül şəkilləri ilə, divarları isə zəngin kirəc dekorasiyası və təsvirləri ilə bəzədilmişdir.
1834-cü ildə Quba qalasında məhəllələrin düzgün inşa edilməsi və küçələrin Qubada yerləşən qarnizon tərəfindən rahat istifadə ediləcək hala gətirilməsi üçün inşaat layihəsi təsdiq edilmişdir. 1840-cı illərdə Quba şəhəri qala divarlarından kənarlara doğru genişlənməyə başlayıb.
1870-ci ildə Quba qalası Çar Rusiyası tərəfindən sökülüb.
İstinad edilən mənbələr: