Qusarlı Əmir Mustafayevin 1989-cu ildə çap olunan “Qurd ürəyi” kitabı eyniadlı roman, povest və hekayələrdən ibarətdir. Həmin əsərlər 1937-ci ilin repressiya qurbanlarından, qanunsuzluqlardan, ədalətsizliklərdən bəhs edir.
Əmir Mustafayev “Qurd ürəyi” romanında XX əsrin əvvəllərində Qusarın Xuluq kəndində baş vermiş hadisələri qələmə almışdır. Türkiyədə təhsil almış Xuluq kəndinin qazısı Əbdülməcid Əfəndi 1913-cü ildə kənd məktəbində müəllim işləyən şair Əhməd Cavadın dostu idi. Qazının zəngin kitabxanası var idi. SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) işçiləri Əbdülməcid Əfəndini həbs edərkən ərəb, türk alimlərinin evdə tapılan kitablarını kisələrdə onun özünün belinə yüklədib daşıtdırmış, kənd uşaqlarının təhsil alması üçün inşa etdiyi üçsinifli məktəbi müsadirə etmişlər.
Əsərdəki qəhrəmanlardan biri - Ziyad əfəndi xalqın maariflənməsi üçün çalışan, günahsız olduğu halda sürgünə göndərilən Xuluq kəndinin sakini qusarlı şair Abdulcəlil Xuluqvinin prototipidir.
Əmir Mustafayev 1936-cı ildə Xuluq kəndində (digər mənbələrdə Qusar şəhərində) anadan olub. Mustafayevin ilk hekayəsi 1954-cü ildə çap olunmuşdur, ilk kitabı isə “Zolaqlı çamadan” adlanır. O, jurnalistika sahəsində göstərdiyi xidmətə görə “Tərəqqi” medalı ilə təltif edilmiş, “Araz” ali ədəbi, “Ustad” media, “Kamil sənətkar” ali jurnalist mükafatlarına layiq görülmüşdür. Əmir Mustafayev 27 iyul 2007-ci ildə Bakıda vəfat etmiş və Qusarda dəfn edilmişdir.
İstinad edilən mənbələr: