Laza (Ləzə) kəndi Qusar rayonunda, Qusar çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacında yerləşir.
Kənd Dağıstanın Laza kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaradılıb. Lakin yerli sakinlər Dağıstanda olan kəndin sonradan yarandığını qeyd edirlər.
Bəziləri oykonimi “latsar” - ləzgi dilindən “ağ rəng” sözü ilə əlaqələndirirlər. Bu isə Laza yaylaqlarının ağ çiçəklərin açdığı vaxt və qışda ağ örpəyə bürünməsi ilə əlaqəlidir.
Rəssam Səttar Bəhlulzadə bir çox əsərlərini burada yaradıb. Onlardan biri 1965-ci ildə yaratdığı “Laza kəndinin şəlalələri” adlı əsərdir. Burada Nisen dağı, Qoşa şəlalə, Hacı zəngi piri, Gavdan dərəsi adlı gəzməli yerlər var.
1912-ci ilə olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Laza kəndində 318 nəfər yaşayırdı. 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 140 nəfər təşkil edib. Kənd əhalisi, əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, bağçılıq və bostançılıq ilə məşğuldur.
Eyniadlı kənd Qəbələ rayonunda da mövcuddur.
İstinad edilən mənbələr: