Qusar rayonu ərazisində yerləşən Samur Baş Hidroqovşağı xüsusi əhəmiyyətə, eyni zamanda maraqlı tarixə malikdir. Bu barədə ShimalNews 22 iyun tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-yə istinadən xəbər verir.
Bu qurğu Bakı və Abşeron yarımadasının 75 %-ini içməli su ilə, şimal bölgəsindəki 6 rayonu isə 100 % suvarma suyu ilə təmin edir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına ehtiyac yaranmışdır. Bu səbəbdən Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və kanalın ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilib. Həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa edilib.
Bu hidroqovşaq 1955-ci ildən istismar olunur. Onun tikintisinə 1939-cu ildə başlanılıb və 108 kilometr uzunluğunda olan kanal əllə qazılıb. 2-ci Dünya müharibəsi başlananda tikinti dayandırılıb və 1947-ci ildə yenidən davam etdirilib.