"Qusar" adının yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Qusarın adının yaranmasını ləzgi, türk, ərəb, macar, rus və digər dillərin sözləri ilə əlaqələndirirlər.
Tədqiqatçı Sədaqət Kərimovanın “Qusar, qusarlılar” adlı kitabında “Qusar” adının ləzgilərin kas tayfasının adından götürülməsi qeyd olunur. Kas tayfası haqqında ilk dəfə Herodot (e.ə 484-425-ci illər) “Tarix” kitabında məlumat verib. Onun sözlərinə görə, “kas” sözü cəm şəkildə “kasar” kimi qeyd olunur. Zaman keçdikcə bu söz ləzgi dilindəki “КцIар” (Qusar) formasını almışdır.
Digər müəlliflər Qusar adını rus və macar dilindəki süvari polkunun adı ilə əlaqələndirirlər. “Qusar” Macarıstanda 1458-ci ildə yaranmış “huszar” adlı süvari qoşununa deyilir. Rus dilində isə həmin süvari qoşun “qusar” adlandırılır. Ruslar ilk dəfə Qusarda öz polklarını 1839-cu ildən, Quba üsyanından sonra saxlayıblar. Lakin həmin qoşun süvari yox, piyada polku idi. Həmçinin rus süvari polkları Qafqaza gələnə qədər “Qusar” adı mövcud idi.
Tarix elmləri doktoru M.M.İxilov ləzgi qrupu xalqlarına həsr etdiyi əsərində “Qusar” toponiminin ləzgi mifologiyasına əsaslanaraq, “ğutsar” (гьуцар - allahlar) sözündən yarandığını qeyd etmişdi.
Professor Qeybulla Qeybullayev “Qusar” sözünün qaraqalpaqlar adlı türk xalqının Kosar tayfasının adından götürüldüyünü deyir.
Tarixçi Tofiq Əhmədov “Qusar” sözünü türklərin qədim “quz” (qus, uz) tayfası ilə əlaqələndirir. Azərbaycan sovet ensiklopediyasına istinad olaraq, quzzlar (quzlar) türkdilli oğuz tayfasının ərəb mənbələrində işlədilən addır.
Gürcü alimi G.G.Georqadzenin fikrincə, “Qusar” toponimi eramızdan əvvəl II minillikdə Kiçik Asiyada mövcud olmuş, hazırda Türkiyənin Tuz gölünün şərqindəki Xett dövlətinin Qussar (Kussar) şəhərinin adından götürülmüşdür.
1896-cı ilin məlumatlarına əsasən, Qusarın adı “Yeni Quba” kimi verilmişdir. Bəzi müəlliflər Qusarın ilkin adının “Qeysəri” olduğunu da qeyd edirlər.
İstinad edilən mənbələr: