Shimal.News sizə Qubanın 3 tarixi qalasından məlumat verir.
Quba qalası indiki Quba şəhərinin ərazisində yerləşib. Qala 1747-ci ildə Quba xanı Hüseynəli xan tərəfindən şəhəri yadelli işğalçılardan müdafiə etmək məqsədilə inşa olunub. Quba qalasından çıxmaq üçün yeraltı tunellər mövcud olub. Deyilənlərə görə, bu yeraltı yollarda faytonla getmək mümkün olub. 1806-1810-cu illərdə çar Rusiyasına qarşı mübarizədən və 1837-ci il üsyanından sonra Quba şəhərinin qala divarları müdafiə istehkamı kimi artıq öz əhəmiyyətini itirdi. Qala 1870-ci ildə Çar Rusiyası tərəfindən sökülüb. Hazırda mövcud deyil.
Söhüb qalası Quba rayonunun Söhüb kəndindəki Baş Qafqazın dağ ətəyində 1700 metr hündürlükdə yerləşir. Qalanın yaranma tarixi IV-VI və ya IX-XI əsrlərə aid edilir. Söhüb qalası strateji əhəmiyyətə malik olub. Burada özünəməxsus qaydada hərbi xəbərləşmə həyata keçirilib. Məlumatlar gündüz güzgülər, gecə isə tonqal vasitəsilə uzaq məsafələrə ötürülüb. Həmçinin qalanın şimal və cənub tərəfində iki müdafiə xəttinin olması istehkam olduğunu sübut edir.
Yeddilər qalası Quba rayonunun Zıxır kəndində, Buduq kəndindən 10 km aralıda, Qaraçayın sağ sahilində yerləşir. Ehtimal olunur ki, qala X əsrdə inşa olunub. Yeddilər Qalası müdafiə xarakterli, daha çox sığınacaq kimi istifadə olunub. Bu qalada vaxtı ilə böyük tayfa yaşayıb. Yeddilər Qalası ölkə əhəmiyyətli tarixi abidə hesab edilir.
İstinad edilən mənbələr: