1905-ci ildə yerli dindar Hacı Cəfər tərəfindən tikilən Hacı Cəfər məscidi Quba şəhərinin Ərdəbil küçəsi 62-də yerləşir.
"Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra düşmənlər öz bəd niyyətlərindən əl çəkiblər və soydaşlarımız xilas olublar", - deyə Hacı Elnur Əfəndi bildirib.
Shimal.News məlumat verir ki, məscid bu hadisədən sonra yerli əhali arasında "Hacı Baba" adlandırılıb.
Bu ibadət ocağı Qubanın ən boyük məscidi sayılır. Bina pirin üzərində kərpicdən tikilib, 4 otağı var və iç sahəsi 400 kv.m təşkil edir. Mehrab (namaz qılarkən insanların üzlərini çevirdikləri oyuq yer) sadə quruluşa malikdir və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı indiyənədək qorunub saxlanılıb.
Məscid sovet dövründə anbar və yataqxana kimi istifadə olunub. 1930-cu illərdə məscidin günbəzi dağıdılıb. Sonradan günbəz yerli əhalilin hesabına 1943-cü ildə inşa olunub. Hacı Cəfər məscidi 1983-cü ildə bərpa edilib və dini ocaq kimi fəaliyyət göstərir.
Mənbələr: