“Alma almaya bənzər” filmi 1975-ci ildə rejissor Arif Babayev tərəfindən çəkilib. Filmin digər adı “Sehrli almalar” idi. Film lirik kinokomediya janrında “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir.
“Alma almaya bənzər” ekran əsəri insanları həqiqətə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə baş qəhrəman bağban Nadir babanın tumsuz alma sortunu yetişdirməsindən və həmin almaların insanlara xoşbəxtlik gətirməsindən bəhs edilir.
“Alma almaya bənzər” ekran əsərində telefonçu qızı canlandıran Suğra Bağırzadə Quba səhnəsində şalvarla çəkilib. O, əslində kinostudiyada mühəndis işləyirdi və işi çox olduğundan, filmdə rola çəkilə bilməyəcəyini bildirmişdi. Quba səhnəsini kinostudiyanın pavilyonunda qurmuşdular. Həmin gün Suğra şalvarda gəlmişdi və ona qəflətən bu gün filmdə çəkiləcəyini deyirlər. Film Moskva Dövlət Kino Komitəsinə göndərildikdən sonra Suğra Bağırzadə rejissordan Quba səhnəsində şalvarda çəkildiyinə görə problem yaranıb-yaranmadığını soruşub. Filmin rejissoru Arif Babayev gülərək, zarafatla ona belə cavab verib: “Moskvada dedilər, bu nədi, Qubanı lap Parisə döndərmisən”.
Filmin ssenari müəllifi Alla Axundova olub, musiqilərini isə Ramiz Mirişli bəstələyib. Rollarda Hüseynağa Sadıqov (Nadir Baba), Fazil Salayev (Mehdi), Səfurə İbrahimova (Mədinə), Həsən Məmmədov (Qurban), İnarə Quliyeva (Aişə), Hacıbaba Bağırov (Məmmədli) və digərləri çəkiliblər.
İstinad edilən mənbələr: