Bədöyün (Badavun) məscidi İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşir. İbadətgahın inşa tarixi 1791-ci ilə (digər mənbələrdə 1878) aiddir. İbadət evi Hacı Qurban adlı şəxs tərəfindən inşa olunub.
İbadətgahın üzərində səkkiz kitabə mövcuddur. Onlardan yeddisi ərəb dilində, biri isə ərəb əlifbası ilə Azərbaycan dilindədir. Üzərlərində hədis yazılan iki kitabədə hicri-qəməri təqvimi ilə 1295 (1878-ci il) və 1323 (1905-ci il) tarixləri qeyd olunub. Məscid çaylaq daşından tikilib. İbadət evi iki mərtəbədən ibarətdir. Qadınlar üçün nəzərdə tutulan hissə ikinci mərtəbədədir. Girişdən sol tərəfdəki otaqda məscidin əvvəlki axundlarından birinin məzarı yerləşir.
Sovet dövründə məscid xalça sexi kimi istifadə edilmişdir. 1990-cı ildə isə ibadətgahın fəaliyyəti bərpa olunmuşdur. Sonralar burada təmir işləri aparılmışdır. Lakin təmir işlərini sona çatdırmaq mümkün olmadığından 1997-ci ildə məsciddə yığılan nəzirlərin hesabına yenidən bərpa işləri başlamışdır.
2019-cü ildə Bədöyün məscidində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası çərçivəsində tədqiqat işlərinə başlanmışdır. Həmin zaman abidənin təmir edilməsi haqqında tapşırıq verilmişdir.
Məscid yerli əhəmiyyətli tarixi abidə hesab edilir və dövlət tərəfindən qorunur.
İstinad edilən mənbələr: