Cümə məscidi Quba rayonunda, Xınalıq kəndinin giriş hissəsinin sağ tərəfində yerləşir. Məscidin tikilmə tarixi təxminən IX-X əsrlərə aid edilir. İbadətgah, həmçinin Əbu Müslümün (Müslimin) adını daşıyır.
Əbu Müslüm əl-Xorasani Əməvilər sülaləsinə (661-750) qarşı hərəkatın rəhbəri və Abbasilər xilafətinin inqilab lideri olmuşdur. O, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək, İslamı yaymışdır.
İbadət evinin divarlarına qoyulmuş qədim daşların üzərində ərəb yazıları ilə yanaşı, naməlum işarələr və ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər mövcuddur. Məsələn, iki müxtəlif daş üzərində runi yazıları həkk olunub. Ehtimal edilir ki, bu yazılar III-VIII əsrlərin arasında yaranıb və bu, qədim türk runi yazıların izlərinə aiddir. Sözlərin tam olaraq tərcüməsi olmasa da, təxmini mənası “günəşin doğması və yeni tarixin başlanması” mənasını daşıyır.
İbadətgah SSRİ dövründə anbar kimi istifadə edilsə də, sonralar yerli əhali tərəfindən əvvəlki halına gətirilmişdir.
Məscidin damı əvvəllər torpaqdan inşa olunmuşdur. Lakin 1989-cu ildə dam dəmir təbəqə ilə örtülmüşdür. İbadətgah 2001-ci ildə yararsız vəziyyətə düşmüşdür. Lakin 2012-2014-cü illərdə məscid əsaslı şəkildə bərpa olunmuşdur.
Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir.
Eyniadlı ibadət evləri, həmçinin Qrız və Cek kəndlərində mövcuddur.
İstinad edilən mənbələr: