İsmayıllını tanıyanlar və ya onun sirli məkanlarını kəşf etmək istəyənlər Sulut kəndinə səfər edirlər.
Bura yetişmək üçün rayon mərkəzindən şərgə doğru 45 km məsafəni qət etmək lazımdır. Turistlər bunun üçün əsas magistralın kənarında dayanıb, “Niva” markalı avtomobilləri ilə öz xidmətlərini təklif edən sürücülərə müraciət edirlər. Onlar Basqaldan Suluta və geri qayıtmağa köməklik göstərirlər. Lakin ən maraqlısı yolu piyada getməkdir.
Sulut ətrafında təbiətin qoynunda 3 qədim tikili var. Onlarla oxucularımızı və səyahəti sevənləri tanış edirik:
[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/07/Shimalvideo.mp4"][/video]
Diqqəti cəlb edən tarixi yadigarlardan biri XIV – XVIII əsrlərə aid Buzxana abidəsidir. O, marşrut üzrə birincidir. Burada çay daşından tikilən abidə var. Yerlilər buna “Şamaxı daşı” deyirlər. Onun uzunluğu 12, eni isə 7 metrdir, əsas hissəsi isə yerin altındadır.
Buzxananın hansı məqsəd üçün istifadə edildiyi məlum deyil. Bəzi məlumatlara əsasən, Şirvan xanları buradan ərzaq məhsulları saxlamaq üçün soyuducu kimi istifadə ediblər.
Lakin nəzərə almaq lazımdır ki, abidə daha çox kiçik həbsxana kamerasına oxşayır. Ola bilsin ki, qaydaları pozanları burada bağlayaraq cəzalandırırdılar.


Buzxanadan sonra 1 km-dən çox şimala doğru Haram çayının sağ sahilində “Qırxotaq” yerləşir. Adına baxmayaraq, abidə 40-dan çox otağa sahibdir.
Rəvayətə görə, Şirvan xanları hər otaqda bir gözəl saxlayırdılar və onların bir-birindən xəbərləri yox idi. Buna görə qalanı “Qırx qız” da adlandırırlar. Zina üçün istifadə edilən qala həm də xalq arasında “Haram” və “Haram qalası” kimi tanınmışdır.
Tarixi mənbələr göstərir ki, Mustafa xan digər xanlardan fərqli olaraq, hərəm saxlamamış, sadə həyat tərzi sürmüşdür.


Digər tarixi abidə “Fit” qalasıdır. O, dəniz səviyyəsindən 1810 metr hündürlükdə yerləşir. Buraya “Haram” qalası tərəfdən piyada, ya da atla qalxmaq mümkündür. Onun daxilindəki ən hündür yerdə “xan” adlı tikili var.
Qala divarlarının eni üç metrdir. Onların bəziləri dağıldığı üçün hündürlüyünü dəqiq müəyyən etmək mümkün deyil, lakin ehtimal olunur ki, bu rəqəm beş metrdir.
Bu qala haqqında çoxlu əfsanələr var. Yerli sakinlər deyirlər ki, vaxtilə hətta Makedoniyalı İskəndər də burada olub.
Bəziləri deyirlər ki, Şirvanşahlar dövlətinin xəzinəsi burada yerləşmişdir. Qədim iqamətgah strateji əhəmiyyətə malik olub və sığınacaq kimi istifadə olunub.
Rəvayətlərdən biri şah qızının çobana tütək çalmasına görə aşiq olmasından danışır. Atası onu bu səbəbdən qəsrə salır. Lakin sevgililər bir araya gəlib, özlərini qaladan atırlar. Bundan sonra hündürlükdən dağlara baxanda tütəyin fitini eşitmək olur.
