Müsavat Səfiməmməd oğlu Yaqubov 10 may 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. O, Musa Yaqub kimi tanınıb.
Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində və Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi. Şair 1967-1973-cü illərdə indiki BDU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alıb. Həmin illərdə o, Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur.
Musa Yaqub 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1978-2000-ci ildə İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin baş redaktoru idi.
Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi və belə düşünürdü: “Əlaçıyamsa, gərək mən də şeir yazım” deyib və o gündən şeir yazmağa başlayıb. Ədəbi fəaliyyətə isə o, 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Ən məşhur şeiri isə “Bu dünyanın qara daşı göyərməz” sayılır.
Musa Yaqub 1995-2000-ci illərdə Milli Məclisin Birinci Çağırış deputatı seçilmişdir. O, həmin zaman rəsmi nümayəndə heyətinin tərkibində İran, Türkiyə və Kipr kimi ölkələrdə səfərdə olub. Şair, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Musa Yaqub M.F. Axundov adına mükafata layiq görülmüşdür. O, həmçinin 2019-cu ildə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adını almışdır.
Şairin “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Mənim kainatım”, “Üzü bəri baxan dağlar”, “Yaxşı ki, sən varsan”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Nanə yarpağı”, “Payızdan yaza yol varmı” kitabları var.
Musa Yaqub 7 may 2021-ci ildə vəfat edib. O, Buynuz kəndində valideynlərinin və həyat yoldaşının məzarı yanında dəfn olunub.
İstinad edilən mənbələr: