Mahmud Cami oğlu Çələbov 1935-ci ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub.
Çələbov ilk öncə kənd məktəbini, sonra isə Bakıdakı 3 saylı peşə məktəbini bitirmişdir. O, 1950-ci illərdə indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecini başa vurduqdan sonra Bakının Rəsulzadə qəsəbəsinin orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1965-ci ildə Çələbov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Parça və parça məmulatlarının bədii tərtibatı” fakültəsinə daxil olmuşdur.
Mahmud Çələbov rəssam kimi 1959-cu ildən tanınır. Onun diplom işi olan “Yol təmirçiləri” əsəri müəllimi Xalq rəssamı Tahir Salahov tərəfindən yüksək qiymətləndirilmişdir. Çələbovun “Tarixi an”, “Şarvili dağlar oğludur”, “Hacı Davud bəy”, “Qanlı yanvar”, “Xocalı faciəsi”, “Müharibə ağrıları”, “Kənd mənzərəsi”, “Çayda səhər”, “Yazda meyvə bağı”, “Qusarçaydan Şahdağın görünüşü”, “Çiçək açmış alma ağacı”, “Atlar çayda” əsərləri var. O, həmçinin ləzgi şairi Süleyman Stalskinin, ləzgi sərkərdəsi Hacı Davudun, xalçaçı Zibeydə Şeydayevanın portretlərinin müəllifidir.
Çələbov bədii yaradıcılıq fəaliyyəti ilə də tanınır. O, 2001-ci ildə öz studiyasını satıb, ləzgi eposunun qəhrəmanı Şarvili haqqında Azərbaycan dilində yazdığı “Şarvili” dastan-poemasını çap etdirmişdir. İlk dəfə olaraq, ləzgi klassiklərinin şəkilləri çəkilmiş “Ləzgi xalqının təqvimi”ni tərtib və nəşr etdirmişdir.
Rəssam 1972-ci ildən Abşeron rayonunun Xırdalan qəsəbəsindəki 1 saylı orta məktəbdə çalışıb. Xırdalan məktəbində işlədiyi müddətdə o, hər il uşaqların əl işlərindən ibarət sərgilər təşkil edib. 1970-1980-ci illərdə isə rəssam “Dostluq” muzeyi və “Döyüş şöhrəti” salonunu tərtib edib.
1980-ci ildə Moskvada keçirilmiş “Olimpiada-80” sərgisində Mahmud Çələbovun çəkdiyi “İdman” adlı xalça mükafata layiq görülmüşdür.
İstinad edilən mənbələr: