Kərim Abdulxalıq oğlu Kərimov 1917-ci ildə Qusar rayonunun Hil kəndində anadan olub.
Kərim Kərimov orta təhsilini Hil kənd məktəbində almışdır. O, 1936-1941-ci illərdə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində oxumuşdur.
Kərimov İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Həmin zaman fizika-riyaziyyat sahəsindəki biliklərini nəzərə alaraq o, Moskvadakı Dzerjinski adına Artilleriya Akademiyasına oxumağa göndərilmişdir. Buranı bitirdikdən sonra Kərimov ön cəbhədə döyüşüb, orden və medallarla təltif olunmuşdur. O, 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir.
Kərimov elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Azərbaycan Elmlər Akademiyasında (EA) elmi fəaliyyətə başlamışdır. O, 1950-1959-cu illərdə Akademiyanın aspirantura bölməsinin rəhbəri olmuşdur.
Kərimov 1959-cu ildən Azərbaycan EA-da Riyaziyyat və Mexanika İnstitutunun dinamik möhkəmlik laboratoriyasının rəhbəri idi. Həmin laboratoriya Azərbaycanın elmi-tədqiqat işlərinin aparılması və elmi kadrların hazırlanmasının bazası idi. Həmçinin alimin yaratdığı “U-13” qurğusu elmi nəticələr qazanmağa kömək edib.
Kərimov 1967-ci ildə professor adına layiq görülmüşdür. O, 1973-cü ildən indiki Azərbaycan Texniki Universitetində tətbiqi və hesablama kafedrasının rəhbəri idi. Alim bu kafedranın nəzdində elmi-tədqiqat laboratoriyası yaratmış və burada elmi işlərə rəhbərlik etmişdir.
Kərimov nəzəri-tətbiqi mexanika üzrə Ümumdünya konqreslərinin, astronavtika üzrə 24-cü konqresin üzvü olmuşdur. Alim 100-dən artıq elmi əsərin müəllifidir. Onun yetirmələrindən 40 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktoru adına layiq görülmüşdür.
Kərim Kərimov 1987-ci ildə vəfat edib.
İstinad edilən mənbələr: