Sumax - xovsuz, görünüşcə hörüyü, yaxud sunbülü xatırladan “qayıq” adlı texniki üsulla toxunan xalça növüdür. Onun ərişi (uzununa müvazi gedən əsas iplər) yun saplardan hazırlanır.
Sumax xalçaları Quba-Şirvan qrupuna aiddir. Ölçüsü iki kvadratmetrdən az olan sumaxlara “Sumaxça” deyilir və adətən, onlar namazlıq xalçaları kimi istifadə olunur.
Xalçanın ilk istehsal mərkəzi Şirvan zonası olub. XIX əsrdə isə Azərbaycanın şimalında, daha çox Qubanın Alpan, Çiçi, Qusarın Həzrə, Zeyxur, Yasab, Ləcət kəndlərində yeni xalça istehsalı müəssisələri yaranıb.
Sumaxların arasahə kompozisiyası böyük ölçülü medalyonlar (çoxbucaqlı, düzbucaqlı, rombşəkilli) stilizə edilmiş nəbati motivlər, bəzən də heyvan və quş təsvirləri ilə bəzədilir.
XVIII-XX əsrlərdə Azərbaycanda toxunmuş sumax xalçaları hal-hazırda dünyanın bir çox muzeylərində (Londondakı Viktoriya və Albert muzeyi, Vaşinqtondakı Tekstil-muzeyi, Nyu-Yorkdakı Metropoliten muzeyi və s.) saxlanılır.
Sədaqət Kərimovanın “Qusar, qusarlılar” kitabında sumaxların tarixən həm Dağıstanda, həm də Azərbaycanda, əsasən, ləzgilər tərəfindən toxunulması qeyd edilir.
İstinad edilən mənbələr: