Qubalı Fətəli xan əsas və ilkin şərt kimi xanlıqların birləşməsini ön plana çəkirdi. Buna görə o, 1775-ci ildə hərbi yardım üçün Rusiyaya müraciət edib, onunla ittifaq yaratmaq istəyib.
Lakin II Yekaterina Fətəli xanın simasında Azərbaycan ərazisində çar Rusiyasının təsirinin əsas dayaqlarından birini görsə belə, bu məsələ Rusiyanın Qafqaz və Şərq planlarına uyğun gəlmirdi. O, Cənubi Qafqaz və Dağıstanda böyük nüfuza malik Fətəli xanın daha da güclənməsini istəmirdi.
1774-сü ildə Qaraqayqat usmisi əmir Həmzə Dərbəndə zərbə vurur və bununla Rusiya imperiyasına təhlükə yaradır. II Yekaterina 1775-ci ildə əmir Həmzəyə dərs vermək üçün Fətəli xanın köməyinə qoşun göndərir. Fətəli xan rus qoşunları ilə birlikdə şəhəri mühasirədən qurtarır. Daha sonra Fətəli xan Dərbəndin açarlarını II Yekaterinaya göndərir.
Lakin II Yekaterina bu hadisədən sonra da Fətəli xanla ittifaq yaratmadı. Buna bəhanə olaraq, II Yekaterina 1774-cü ildə Osmanlı İmperiyası ilə Küçük Qaynarca sülhünün bağlanmasını gətirirdi. Həmçinin II Yekaterina Osmanlı imperiyası ilə münasibətləri gərginləşdirmək istəmədiyini bildirirdi. Eyni zamanda Rusiya imperiyası gürcü çarı II İraklinin və Dağıstan feodallarının əli ilə tez-tez Quba xanlığına zərbələr vururdu.
1784-cü ildə Fətəli xan Ərdəbili və Meşkini tutdu. Quba xanlığının ərazisi bir qədər də genişləndi və onun nüfuzu daha da artdı. Bu, II Yekaterinanı narahat etdi və o, Fətəli xana öz narazılığını bildirdi. Buna görə onun təkidi ilə Fətəli xan Ərdəbil xanlığından geri çəkildi.
Bu hallara görə də Fətəli xanla II Yekaterina arasında ittifaq baş tutmamışdır.
İstinad edilən mənbələr: