Səid Bilal oğlu Bilalov 12 fevral 1941-ci ildə Quba rayonunun Söhüb kəndində imkansız ailədə anadan olub.
Bilalov orta məktəbi Quba rayonunda bitirdikdən sonra iki il istehsalatda çalışmışdır. O, 1959-1965-ci illərdə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil almışdır. Alim 1963-cü ildən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifələrində işləmişdir.
Bilalov 1965-ci ildən Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildən isə burada aparıcı elmi işçi vəzifələrində işləmişdir. O, 1965-1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunun aspiranturasında oxumuşdur.
Alimin əsas elmi-tədqiqat işləri azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun sintez etdiyi yeni kimyəvi reagent metalların sürətli analizində iri sənaye və hərbi obyektlər tərəfindən istifadə edilir.
Bilalov elmi-tədqiqat işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1994-cü ildən Azərbaycan Texniki Universitetinin “Daxili yanma mühərrikləri və avtotraktorlar” kafedrasının professoru vəzifəsində işləyib.
Alim Kiyev şəhərində keçirilən VII Ümumdünya neft-kimya simpoziumunda, I və II Bakı Beynəlxalq neft-kimya konfransında, Ekologiya və iqtisadiyyat üzrə I və II Beynəlxalq simpoziumlarda çıxış edib.
Bilalov elm və texnikanın yeniliklərinin xalq arasında geniş təbliğinə görə 2 dəfə keçmiş SSRİ-nin “Bilik” və 2 dəfə Respublikanın “Bilik” cəmiyyətlərinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Həmçinin alim “Əmək veteranı” medalı ilə təltif edilmişdir. O, Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomunu almışdır. 1993-cü ildə isə Bilalova akademik J.Məmmədəliyev adına mükafatın laureatı adı verilmişdir.
O, 200-dən çox elmi əsərin müəllifidir.
Səid Bilalov 6 aprel 2001-ci ildə vəfat edib.
İstinad edilən mənbələr: