Yavər Əlibala oğlu Şahbazov 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub.
O, 1981-1991-ci illərdə Alekseyevka kəndində (indiki Çaykənarı kəndi) orta məktəbdə təhsil almışdır. Daha sonra o, Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olmuşdur.
Yavər Şahbazov 8 iyun 1994-cü ildə Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır və orada xidmətə başlayır.
1995-ci ilin martında Azərbaycanda hərbi çevrilişə cəhd baş verir. Həmin zaman Yavər silahlı dəstənin zərərsiziləşdirilməsində iştirak edir. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas edir, özü isə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Yavər Şahbazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Yavər Şahbazov Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn edilmişdir. Şahbazovun oxuduğu Çaykənarı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində qəhrəmanın büstü qoyulmuşdur. 2003-cü ildə onun xatirəsinə Çaykənarı kəndində Şəhidlər abidəsi ucaldılmışdır.
İstinad edilən mənbələr: