Nabran kəndi Xaçmaz rayonunda, Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahilində yerləşir.
Əvəllər yaşayış məntəqəsi Köhnə Xudat kəndinin qışlağı olduğundan ərazi “Nabranqışlaq” adlanırdı. XIX əsrin əvvəllərində Köhnə Xudat kəndindən çıxan ailələr burada kiçik oba yaratmışdılar. Sonralar evlər artdıqca bu yaşayış məskəni kəndə çevrilmişdir. Burada 1821-ci ildə üç, 1859-cu ildə isə yeddi ailədən ibarət olan obada Dağıstanın müxtəlif kəndlərindən köçmüş ailələr məskunlaşmağa başlamışlar.
Kəndin adının mənşəyi haqqında bir neçə fikir mövcuddur. Ehtimal edilir ki, kənd Rusiya imperiyası zamanı I Pyotrun fərmanına əsasən, çar süfrəsi üçün nərə balığı tutmaq məqsədilə balıqçıların məcburi Nabrana köçürülməsi nəticəsində yaradılmışdır. Bu fikrə əsasən, kəndin adı rus dilində olan “набирать”, Azərbaycan dilinə tərcümədə “doldurmaq” və ya “işə götürmək”, sözü ilə bağlı yaranıb.
Bəzi tədqiqatçılar oykonimi “çaysahili meşəlik” kimi də izah edirlər. Digərləri isə oykonimı qızılbaş tayfa ittifaqına daxil olan zülqədərlərin nabur tirəsinin adı ilə əlaqələndirirlər. Buna əsasən, güman edilir ki, “Nabran” sözünün ilkin forması “Naburan” olmuşdur. Sonralar sözün tərkibindəki “u” saiti düşmüş və oykonim müasir yazılış formasını almışdır. Bu fikrə əsasən, kəndin adı “naburların məskəni” mənasını ifadə edir.
Əməkdar elm xadimi Nizami Xudiyevin “Xaçmaz: görüşlər, düşüncələr” kitabında qeyd etdiyinə görə, Nabran meşəsində və dənizə yaxın ərazilərdə neft yataqları var.
1915-ci ilə aid olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Nabranda 116 nəfər yaşayırdı. 2009-cu ilin rəsmi məlumatına görə isə kəndin əhalisi 614 nəfər təşkil edib. Əhali, əsasən, toxumçuluq və balıqçılıqla məşğuldur.
İstinad edilən mənblər: