Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 7-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Vətən müharibəsinin 42-ci günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut və Tsakuri kəndləri.
44 günlük Vətən müharibəsinin 42-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının 1-ci taborunun bölmələrinin şəxsi heyəti arasında itkilər olub. Düşmən ordusunun D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.
Ermənistan ordusu cəbhənin Ağdam istiqamətində itkilər verib.
Ermənistan silahlı qüvvələrinin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.