Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 4-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Vətən müharibəsinin 39-cu günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri.
44 günlük Vətən müharibəsinin 39-cu günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.
Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.
Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir ədəd taktiki PUA-sı, üç ədəd hərbi yük maşını sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.
Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.
İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.