Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 3-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Shimal.News Vətən müharibəsinin 38-ci günü baş verən hadisələrin xronikasını təqdim edir:
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd KUB zenit-raket kompleksi, doqquz ədəd müxtəlif tipli topu və iki ədəd sursatla dolu yük maşını sıradan çıxarılıb.
Prezident İlham Əliyevlə Rusiya Prezident Vladimir Putin arasında telefon danışığı olub.
Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən iki sursat anbarının məhv edilməsinin videogörüntüsünü yayıb.
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.
Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.