Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 30-u növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Vətən müharibəsinin 34-cü günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər və Mollalı kəndləri.
44 günlük Vətən müharibəsinin 34-cü günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd “Smerç” və bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, bir ədəd “Osa” ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.
Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.
Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş ərazilərindən yeni görüntülər paylaşılıb.
Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.
İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu zastavalar xidməti-döyüş fəaliyyətinə başlayıb.