Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından 5 il ötür.

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi. Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil.

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.