Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına əlavə olunub. Shimal.News xatırladır ki, 2014-cü ildən etibarən noyabrın 26-sı Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur.
Kəlağayı Azərbaycan qadını üçün təkcə baş örtüyü deyil, həm də ismət və sevgi rəmzidir.
Ölkəmizdə bu sənətin ilk və ən qədim istehsal ünvanı İsmayıllı sayılır. Orta əsrlərdə kəlağayı əvvəl Basqal kəndində hazırlanıb, daha sonra Şəki, Şuşa və Gəncədə də geniş yayılıb.
Qədim zamanlarda qız oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Bununla oğlan onun razılığını almış sayılardı.
Elçi gedilən qızın hərisini alanda oğlanın anası, ya bacısı başına qırmızı kəlağayı salardı. Bu adətimiz indi də yaşadılır. Fərq ondadır ki, hazırda kəlağayının müxtəlif rənglərindən istifadə olunur. Bundan savayı, toyda gəlinin başına ağ kəlağayı, gəlin gətirilən arabaya, ata zoğalı, soğanı və ya narıncı kəlağayı bağlanardı.
Ata-baba sənətini davam etdirən kəlağayıçılar deyirlər ki, kəlağayı rəngləri əvvəl az idi:
“Çəhrayı rəngli kəlağayını gənc, nişanlı qızlar, ağ kəlağayını ailə quran, təxminən 25-50 yaş arası orta yaşlı xanımlar, qara kəlağayını bir qədər daha yaşlı xanımlar örtərlər. Qara kəlağayını həm də simvolik olaraq, yas mərasimlərinə həm yaşlı, həm də gənc xanımlar taxarlar. Amma ümumiyyətlə, şux, xoş rəngli kəlağayılar daha çox gənc, subay, təzə ailə qurmuş xanımlar üçün nəzərdə tutulur. Qəhvəyi, noxudu rəngli kəlağayılar da orta yaşlı xanımların sevdiyi tərzdir. Daha çox məşhur olan “Ağzəmin” adlı kəlağayılardır. Onu hamı tanıyır: zəmini, yəni yerliyi ağ, qıraqlarında göy naxışlar olan kəlağayılar. Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir ki, onlar da nar qabığı, zirinc, zəfəran, narınc, qarağat və başqa bitkilərdən alınır. Həmin rənglərin alınması da ayrıca bir işdir”.
Kəlağayı həm də mənəvi dəyərdir. Sənətkarlar deyir ki, onu barama qurdunun yaratdığı saplardan hazırlanır. Bu isə çox əziyyətli və mistik bir işdir. Hər bir ipəkçi, kəlağayıçı işinə həssaslıqla yanaşır. Ona ürəyini, ruhunu, sevgisini verir.
Bu gün satışda rənginə, ölçüsünə, naxışlarına görə kəlağayı çoxdur. Bineyi-qədimlərdən belə bir misal var ki, kəlağayının təmizliyini yoxlamaq üçün onu üzükdən keçirmək lazımdır.