Əlik kəndi Quba rayonunda, Ağçayın (Qudyalçayın qolu) sağ sahilində 1500-1700 metr yüksəklikdə yerləşir.

Ehtimal edilir ki, kəndin adı Sibir türklərinin dilində “hündürlük, yüksəklik, zirvə” mənasını verir. Digər versiyaya görə, kəndin coğrafi mövqeyinə uyğun olaraq, kəndin adı türk dillərində “dağlarda çuxur, çökək” mənalarında işlənən “alık” sözü ilə bağlıdır.

Kəndin əhalisini Azərbaycanın qafqazdilli etnik qruplarından biri – Şahdağ milli-etnik qrupuna daxil olan əliklilər təşkil edir. Onların ana dili əlik dili hesab edilir. Əlik dili qrız dilinin dialekti sayılır.

Əlik kəndində XIX əsrdə yun şal istehsalı geniş yayılmışdır.

2011-ci ilin aprel ayında güclü yağışdan sonra burada torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə dağılıb, 10-dan artıq ev isə qəzalı vəziyyətə düşüb.

1915-ci ilə aid olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Əlikdə 461 nəfər yaşayırdı. 2009-cu ilin rəsmi məlumatına görə isə kəndin əhalisi 372 nəfər təşkil edib. Əhali, əsasən, heyvandarlıqla məşğuldur.

İstinad edilən mənbələr: