Rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilib. Bu haqda ShimalNews 16 noyabr tarixində “Xalq qəzeti”nə istinadən məlumat verir.
Abdulla Elşadlı bir ay ərzində aktyor truppasına Stanislavski sistemi əsasında dərslər keçəcək və paralel olaraq, C.Məmmədquluzadənin “Eşşəyin itməkliyi” povestinin motivləri əsasında səhnələşdirdiyi, işçi adı “Danabaşlar” olan əsərə quruluş verəcək. Tamaşanın noyabrın sonlarında təhvil verilməsi planlaşdırılır.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Bədəl Bədəlovdur. Rolları truppanın üzvləri Tofik Mustafayev, Elşad Ramazanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov və başqaları ifa edirlər.
C.Məmmədquluzadənin orijinal əsərindən yalnız fabula saxlanılıb. Hadisələr müəllif təxəyyülünün məhsuludur və Naxçıvanın “Danabaş” kəndindən Qusara köçürülüb. Və nəticədə: “Агьвалатар чи йикъара Кцlарин “Данабаш” тlвар алай хуьре кьиле физва” – “Hadisə baş verir Qusarın “Danabaş” kəndində”.