Xaçmazın Turist qəsəbəsindəki elektrik təsərrüfatı yararsız vəziyyətdədir. Bu haqda ShimalNews 14 noyabr tarixində Pravda.az-a istinadən məlumat verir.

“Vəziyyət həddindən artıq pisdir. Həmin ərazidə kiçik torpaq sahəsi almışdım. Özüm üçün ev tikmişəm ki, yaydan-yaya gəlib dincəlim, əsəblərim sakitləşsin. İnanın, torpaq almağıma peşman olmuşam. İşıq dirəkləri sovet dövründən qalıb, həyətlərin içindən keçir, bir az yel əsən kimi işıqlar sönür. Ötən gün gəlmişəm, işıq yenə sönüb. Səhərə qədər donmuşam. “Azərişıq” ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. “Qaynar xətt”ə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Hazırda donuram”, – deyə Xalq artisti Naibə Allahverdiyeva bildirib.

Adıçəkilən qurumun qəza xidmətinə zənglər edilsə də, tədbir görülmür. Dirəklərin vəziyyətinə qəldikdə isə onları naqillər saxlayır. Şikayətçi onları yeniləmək üçün hər birinə 300-400 manat pul tələb edildiyini iddia edir.