Qusar rayonunun Qullar kənd sakini Elçin Həsrətov bağlarının məhsulunu yerli bazara çıxarmaq üçün supermarketlər şəbəkəsi ilə əməkdaşlığa başlayıb. Bu haqda ShimalNews 14 noyabr tarixində Report-a istinadən məlumat verir.

E.Həsrətov bir müddət xarici ölkədə yaşasa da, fermerlərə göstərilən dövlət dəstəyindən xəbər tutub, Azərbaycana qayıdıb və ata-babadan qalan torpaqları əkib-becərməyə başlayıb. O, 8 ildən çoxdur ki, alma, armud, nektarin, şaftalı, gilas təsərrüfatı ilə məşğuldur.

Fermer Bakıya məhsul gətirmək üçün vaxt və pul sərf etmir. Yaxın bölgələrə maksimum 24 saat ərzində çatdırılma baş tutur. Bununla meyvənin ağacın dibində çürüməyəcəyinə təminat yaranır.

“Supermarketlər şəbəkəsi ilə əməkdaşlıqdan sonra meyvə ağacdan dərilir, elə yerindəcə bizdən alınır və mağazalara yola salınır. Nəticədə zəhmətlə becərdiyimiz məhsullar çürümür, əlavə xərclərimiz olmur”, – deyə təsərrüfatçı bildirib.