Basqalın peyk görüntüləri incələnərkən burada kifayət qədər geniş ərazini əhatə edən fortifikasiya sisteminin olduğu ehtimalı üzə çıxıb. Bu haqda ShimalNews 14 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun arxeoloji tədqiqatları qəsəbənin Cənub-Qərb tərəfində olan “Qalalar” ərazisində bu il də davam etdirilib.
Bura uzun illər sakinlər tərəfindən bağ və əkin sahəsi kimi istifadə olunub. Ötən əsrin 70-ci illərində isə ərazi 70-80 santimetr dərinliyində şum edilərək, üzüm bağı salınıb.
Yaşlı sakinlərin dediklərinə görə, müxtəlif vaxtlarda təsərrüfat işləri görülərkən “Qalalar” ərazisindən bəzi maddi-mədəniyyət nümunələri, o cümlədən saxsı qablar və sikkələr aşkar olunub. Ətraf kəndlərin sakinləri zaman-zaman tikinti qalıqlarını dağıdaraq, daşından ev, hasar və ictimai binanlar inşa ediblər.
Ötən əsrin 60-cı illərində ərazidə kəşfiyyat işləri aparan arxeoloq Fazil Osmanov hesabatlarında həmin nümunələrin xronoloji baxımdan antik və erkən orta əsrlərə aid olduğunu qeyd edib.
Bununla belə ərazidə hər hansı qala və ya digər fortifikasiya elementləri olduğu barədə indiyədək nə yazılı qaynaqlarda, nə də yaddaşlarda heç bir məlumat olmayıb. Lakin peyk görüntüləri incələnərkən onlar üzə çıxıb.
Basqal arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin sözlərinə görə, bundan sonra Basqal arxeoloji ekspedisiyası tərəfindən ərazidə ilkin arxeoloji tədqiqatlara başlanılıb.
İlkin tədqiqatlar onu deməyə əsas verir ki, burada təqribən 35-40 hektar sahəni əhatə edən və divarlarının ümumi uzunluğu (perimetri) 3500 metrə yaxın olan böyük qala olub. Beləliklə, Basqal qalası sahəsinə görə indiyədək Azərbaycan ərazisində məlum olan qalaların ən böyüyüdür.

