Zəfər Günü qəhrəman şəhidlərimizin ailələri ilə birlikdə Qubada qeyd edilib. Bu barədə ShimalNews 10 noyabr tarixində xəbər verir.
Tədbir Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən “Quba Arena Hotel”də keçirilib. Birliyin sədri Sevinc Fədai mərasimi açıq elan edib.
Tədbirdə Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yazıçı Qan Turalı, “TourAgentTravel”in direktoru Şəbnəm Əlizadə və şəhid xanımı Gülşən İmanzadə çıxış edərək 44 günlük Vətən müharibəsini, qazanılan zəfəri xalqımızın yenidən doğuluşu kimi dəyərləndirib, bu qələbə üçün şəhid və qazilərimizə, əsgərlərimizə bir ömür minnətdar olduqlarını bildiriblər.
Daha sonra şəhidlərimizin adlarını əbədiləşdirmək üçün hazırlanan xatirə hədiyyələri ailələrinə təqdim edilib. Tədbir nahar fasiləsi, şəhid övladları üçün təşkil edilən əyləncə proqamı ilə davam edib. Sonda İB komandası və şəhid ailələri yallı gedərək birlik nümayiş etdiriblər.
Birlik “Zəfərin uşaqları” tədbirini “Unibank”ın sponsorluğu, “TourAgentTravel”in və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirib.