2-ci liqada mübarizə aparan “Dinamo”nun baş məşqçisi Novruz Əzimov “Şahdağ Qusar”la oyundakı sarsıdıcı məğlubiyyətdən sonra istefa verdi. Bu barədə ShimalNews 10 noyabr tarixində “Football-plus”a istinadən məlumat verir.
“Əvvəla onu vurğulayım ki, klubda maliyyə problemi yoxdur. Çempionata başlamamış nə qədər maddi vəsait ayrılıbsa, bu gün də sabit şəkildə davam edir. Uğursuz çıxışa və baş məşqçimizin istefasına gəlincə, son anda çempionata qoşulduq. 2-ci liqaya gec qoşulmağımız da heyət sarıdan problemlərimizin olması ilə bağlı idi. Heyətimizi komplektləşdirmədən mübarizəyə qoşulduq. Bu da öz təsirini göstərdi. Novruz müəllim komandanı toparlamaq üçün bütün gücünü, bacarığını ortaya qoydu. Amma son oyundakı nəticələrdən sonra istefa verdi. Bu, o demək deyil ki, Novruz müəllim pis mütəxəssisdir və ya məğlubiyyətlərin səbəbkarı odur. Biz Novruz müəllimi dəyərli mütəxəssis hesab edirik. Gələcəkdə də “Dinamo”nun strukturu genişləndikcə Novruz müəllimin savad, bacarıq və təcrübəsindən istifadə edəcəyik. Ona başqa post veriləcək”,- deyə “Dinamo”nun rəhbəri Yaşar Seyidov bildirib.
Daha öncə “Şahdağ Qusar”ın 9 cavabsız qol vurması haqda xəbər vermişdik.