Xaçmazın Qusarçay kəndindən olan “Topçu Vüsal” kimi tanınan Vətən müharibəsi iştirakçısı Vüsal Şahkərimovun hazırkı fəaliyyəti ilə maraqlanılıb. Bu barədə ShimalNews 8 noyabr tarixində “Azərtac”a istinadən məlumat verir.
Vüsal hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışır.
“Mən 2019-cu ilin iyul ayında doğum günümdə hərbi xidmətə yollanmışam. Hərbi xidmətdə artilleriyaçı idim. Biz təlimlərdə iştirak edirdik. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə başladıq. Sərrast atəşlərlə düşmənin mövqelərini məhv edirdik. Mənimlə döyüşlərdə Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay tam orta məktəbində bir yerdə oxuduğum iki sinif yoldaşım da iştirak edirdi. Onlar Vətən uğrunda şəhid oldular. Dostlarımın şəhid olması məndə düşmənə nifrəti daha da artırdı”, – deyə “topçu” o günləri yada salır.
İyirmi iki yaşı olan Vüsalı Xaçmazda hamı yaxşı tanıyır. Tez-tez vətənpərvərlik mövzusunda tədbirlərə dəvət alır, döyüş xatirələrini bölüşür:
“Biz Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərdə Qələbə qazandıq. Bu gün bayrağımız Şuşada, Xankəndidə dalğalanır. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Şəhid olmuş döyüş yoldaşlarımı heç vaxt unutmayacağam”.
