Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu Cəmil Hüseynov ər və arvadın birgə mülkiyyətinə sərəncam verilməsi məsələsini şərh edib. Bu haqda ShimalNews 6 noyabr tarixində “Azərtac”a istinadən məlumat verir.

Bildirilib ki, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu mülkiyyətə onların əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər və arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə qazanılan hər hansı sair əmlak daxildir.