Nikitin adına kolxoz İsmayıllı rayonunun İvanovka kəndində yerləşir. Kolxoz 1936-cı ildə fəaliyyət göstərməyə başlayıb. Bu kolxoz hazırda Azərbaycanda fəaliyyət göstərən yeganə kolxozdur.
Kolxoz ilk öncə Voroşilov adına kolxoz kimi fəaliyyət göstərmişdir. 1958-ci ildən Kalininin, 1995-ci ildən Nikitinin adını daşıyır.
İkinci Dünya müharibəsi zamanı kişilər səfərbər olunduğundan kolxozda qadınlar onları əvəz edirdi. Nəticədə kolxozun fəaliyyəti geriləməyə başladı və 10 il sakinlər kolxoz təsərrüfatını müharibədən əvvəlki illərin səviyyəsinə qaldıra bilmədilər.
1953-cü ildən Nikolay Vasilyeviç Nikitin kolxozun başcısı oldu. O, kolxozu ön plana çıxarmağa nail oldu. Nəticədə kolxoz həmin dövrlərdən bu günə qədər yüksək taxıl məhsulu götürür. Nikitinin təşəbbüsü ilə 1970-ci illərdə Finlandiya və Bolqarıstanla barterlə sarımsaq tədarükü müqabilində kolxozçular xaricdən gətirilən yüksək keyfiyyətli mebellərlə təmin olunurdular.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə kolxozlar ləğv olunmağa başladı. Lakin İvanovka kəndinin sakinləri ümummilli lider Heydər Əliyevə müraciət edərək, kolxozun fəaliyyətini davam etdirməsini xahiş ediblər.
Hazırda kolxozda kənd sakinlərini malakan çörəyi ilə təmin edən çörək zavodu, günəbaxan yağı zavodu, süd emalı zavodu, pendir və xama istehsalı sexi var.
İstinad edilən mənbələr:
- Ивановка. Этнотуризм в Азербайджане. Баку-2013.
- https://ivanovka.net/%D0%BA%D0%BE%D0%BB%D1%85%D0%BE%D0%B7-%D0%B2-%D0%B8%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BA%D0%B5-%D0%B6%D0%B8%D0%B2-%D0%B8-%D0%B1%D1%83%D0%B4%D0%B5%D1%82-%D0%B6%D0%B8%D1%82%D1%8C-%D0%B8%D1%81/
- https://www.kommersant.ru/doc/2365005
- https://www.youtube.com/watch?v=0o_-CAmkW-k
- https://www.youtube.com/watch?v=tWPrEvYbQ74