Əhməd Əfəndi Çələbizadə Qubada ilk Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı, Quba Cümə məscidinin ruhanisi və “Quba rayonunun adət və qaydaları haqqında” əsərin müəllifi idi. Lakin o, sovet dövründə bir çox ziyalılar kimi repressiyaya məruz qaldı.
Çələbizadə 10 avqust 1937-ci ildə işdə olarkən “xalq düşməni” damğası ilə həbs edildi. Əfəndinin ittihamnaməsində onun “İttihad” adlı partiyanın (Azərbaycanda 1917-1920 illərdə açıq fəaliyyət göstərmiş siyasi partiya) üzvü olması və Çələbizadənin qubalı üsyançı Əli bəy Zizikski ilə sıx əlaqədə olması əks olunmuşdur. Həmçinin Çələbizadənin mollaları Zizikskinin üsyançılarına dəstəyə çağırması vurğulanmışdır.
1937-ci ilin sentyabrında isə o güllələndi. Lakin sovet hakimiyyəti bu haqda Çələbizadənin həyat yoldaşı Mina xanıma heç bir məlumat vermirdi. Buna baxmayaraq, Mina xanım ümidini itirmirdi və Çələbizadənin harada olması barədə məlumat almaq üçün SSRİ Ali Sovetinin Rəyasət heyətinin sədri K.Voroşilova dəfələrlə yazmışdı. Məktubların birində Mina xanım belə müraciət etmişdi: “18 ildir ki, həyat yoldaşım haqda heç bir məlumatım yoxdur, ölübmü, qalıbmı və onun günahı nədir? Onu nə üçün həbs etmişlər? Ailəmizə kömək etməyi sizdən xahiş edirəm”.
Bu məktubdan sonra məsələnin araşdırılması barədə sərəncam verildi. 19 iyul 1957-ci il tarixində ailəyə çatdırılan arayışa görə Çələbizadə 10 il müddətində həbs cəzasına məhkum edilmiş və cəzasını çəkərkən – 19 avqust 1942-ci ildə vəfat etmişdir. Lakin həmin məlumat doğru deyil. Arxiv materiallarından məlum olur ki, Əhməd Əfəndi Çələbizadə Azərbaycan SSRİ Xalq Daxili İşlər Komissarlığının 26 avqust 1937-ci il tarixli qərarı ilə sentyabrın 1-də saat 2:40-da Bakı şəhərində güllələnmişdir.
6 noyabr 1956-cı ildə Əhməd Əfəndi Çələbizadəyə bəraət verilmişdir.
İstinad edilən mənbələr:
- Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarixi muzeyi. Bakı-2008.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı- 2005.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Quba və qubalılar. Bakı-2012.
- https://medeniyyet.az/page/news/12700/Ehmed-Efendi-Celebizade.html?lang=ru