Qubada şəhid Surxay Mehdiyevin xatirəsi anılıb. Bu haqda ShimalNews 30 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu olan Surxayın anım günündə məzarı ziyarət olunub. Məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Daha sonra şəhidin adını daşıyan parkda abidənin açılışı olub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Quba Rayon Təşkilatının, şəhər bələdiyyəsinin nümayəndələri, şəhid ailələri və yerli sakinlər iştirak ediblər.
1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açan Surxay Mehdiyev hələ 8 yaşında olarkən ermənilər onların kəndini işğal ediblər. Ailəsi ilə birgə Qubada yaşayan qəhrəman Vətən müharibəsində Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Hadrut qəsəbəsinin düşmən tapdağından azad edilməsində fəal iştirak edib, Xocavənd istiqamətində gedən qızğın döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Surxay Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.