Xaçmazda anasını balta ilə qətlə yetirən 44 yaşlı Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət törədərkən və hazırkı müddətdə anlaqsız vəziyyətdə olduğunu deyib. Bununla bağlı ekspertiza rəyləri iş materiallarına əlavə edilib.

Hakim Fəhmin Hümbətov ekspert rəylərini iş üçün əhəmiyyətli hesab edib. Hökmə əsasən, Ramiz cəzadan azad edilib. Ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Hadisə 2022-ci il yanvarın 13-ü baş vermişdir. Əzizli kənd sakini Ramiz anası Səmən Sultanovanı balta ilə vurmuş və qaçmışdır. Nəticədə qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdir.