Samur çayının tədqiqi üçün Rusiya alimlərinin Azərbaycana ilk ekspedisiyası 2023-cü ilin dekabrında baş tutacaq. Bu haqda ShimalNews 24 oktyabr tarixində “TASS”a istinadən məlumat verir.
“Bu çayın su ehtiyatlarının qorunması bizim üçün mühüm amildir. Hövzələrin biomüxtəlifliyi, su ehtiyatları, yeraltı suların səth sularında dəyişikliklər baxımından birgə tədqiqatlar aparılacaq. Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində – Dağıstanda aparılacaq. Son 20-30 ildə iqlim dəyişikliyi su təchizatı və kənd təsərrüfatının inkişafı şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsinə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə, quraqlığa, səhralaşmaya səbəb olub ki, bu da ölkələrin iqtisadiyyatına və insanların həyatına mənfi təsir göstərir”- Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
O, həmçinin qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə üçün Azərbaycan və Rusiya bir sıra layihələr planlaşdırır. Onların əsas məqsədləri meşələrin, bitki örtüyünün salınması, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya və səhralaşma ilə mübarizə yolu ilə su ekosistemlərini, eləcə də hövzənin biomüxtəlifliyini qorumaqdır.