“Mel” könüllü iməcilik deməkdir. Bu, ləzgilərin zəhmətlə bağlı əmək bayramlarından biridir. “Mel”lə bağlı ləzgilərin belə xalq məsəli də var: “Mel”li kənd – elli kənd”. Bu bayram ilin müxtəlif vaxtlarında keçirilir.
“Mel” ev inşa etmək, toy keçirmək, körpü tikmək, yol çəkmək, qoyun qırxmaq, yun daramaq, bağ salmaq kimi işlərlə keçirilir. Burada sakinlər bir-birlərinə kömək edirlər. “Mel”in vacib şərtlərindən biri burada musiqiçilərin iştirakıdır.
Səhər tezdən zurnada çalınan “Ekünar” (Səhər) havası “Mel”in başlanması haqqında xəbəri əhaliyə çatdırır. Sonra isə müjdəçilər ev-ev gəzib, bu barədə adamlara xəbər verirlər. “Mel”ə gedən qadınların əllərində bayraqlar olur. Qırmızı rəng bu ənənənin rəmzi sayıldığından irəlidə qırmızı rəngli bayraq tutmuş qadın gedir. Qadınlar xorla mahnı oxuya-oxuya məhəllələrdən keçir, kəndə ümumi bayram əhval-ruhiyyəsi gətirirlər. İki qadın növbə ilə mahnı oxuyur, qalanları isə xorla təkrar edirlər. Adətən, onlar ləzgillərin “Perizada” mahnısına üstünlük verirlər.
“Mel” keçirilən zaman əhali nahar vaxtı bir yerdə süfrə arxasına keçir. Mərasim münasibətilə kəsilmiş heyvanlardan hazırlanan xörəklər gətirilir, yemək mərasimi başlanılır. Fasilə bitəndə iş yenidən bərpa olunur. Axşam işlər görülüb qurtaranda şənlik məclisi başlanır. Mahnılar, rəqslər, aşıqların çıxışları, xalq oyunları, zarafatlar gecə yarısına kimi davam edir.
Ev inşası ilə bağlı tədbirdə iştirak etmək hər kəs üçün şərəf sayılır. Ev tikən ailənin zəhmətini yüngülləşdirmək məqsədilə çətin işləri, kərpic kəsməyi, evin damını örtməyi və divarları suvamağı kənd camaatı öz öhdəsinə götürür. Həmin zaman ev sahibləri yemək bişirib, “Mel”in iştirakçıları ilə bölüşürlər. Eyni zamanda yardım təkcə əməklə deyil, maddi cəhətdən də ifadə olunur. Hər kəs ev tikən ailəyə bir hədiyyə gətirir.
Toyla bağlı keçirilən “Mel” daha təntənəli və gur olur. Axşam işlər görülüb qurtaranda şənlik məclisi başlanır. Zurnaçıların çaldığı “Yol havası” məclisin sona çatmasını xəbər verir.
İstinad edilən mənbələr:
- М.Ш. Ризаханова. Лезгины. XIX – начало XX в. Историко-этнографическое исследование. Махачкала-2005.
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı- 2011.
- https://www.samuronline.com/article/etnografiya/mel
- http://multikulturalizm.gov.az/ru/post/1652/lezginy.html