Xaçmazda saxlanılan hərbi komissar Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə ShimalNews 20 oktyabr tarixində “Qafqazinfo”ya istinadən xəbər verir.

İlkin dinləmələr Bakı Hərbi Məhkəməsində keçirilib. Prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Vəkil vəsatətin təmin olunmasının vacibliyini izah edib O deyib ki, təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşı infarkt keçirib və hazırda müalicə olunur. Onun 9 yaşlı övladının isə atası həbs edilən gündən dili tutulub.

Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin edilməsini istəyib. Hakim Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib.

Baxış iclası oktyabrın 30-na təyin edilib.

Daha öncə Rahim Ağayevin rüşvət üstündə həbs edildiyi haqda məlumat vermişdik.