Qusarda almanın toplanması ilə yanaşı, sahibkarlar almanın xarici bazarlarda satışını da təşkil edirlər. Bu haqda ShimalNews 18 oktyabr tarixində Azərtac-a istinadən xəbər verir.

Langi kəndində 10 hektardan çox sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Onlardan toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Burada almanın “Gala”, “Golden”, “Fuji”, “Granny Smith” və digər növləri becərilir.

“Hazırda alma və armud bağlarından məhsul toplayırıq. Yığılan alma Yaponiyanın “Fuji” sortudur. Meyvə toplandıqdan sonra anbara yığılır. Burada əməkdaşlarımız almaları ölçülərinə və keyfiyyətinə görə çeşidləyirlər. Almalar təmiz yuyulur və qablaşdırılır. Satışa hazır məhsul soyuducu anbarda saxlanılır. Bizim soyuducu anbarımız 4.5 min ton məhsul saxlamağa imkan verir. Xarici bazardan məhsul üçün edilən təkliflər dəyərləndirilir. Bağlardan yığılan alma ən sərfəli təklif əsasında xarici bazarlarda müştərilərə satılır”,- deyə aqronom Elnur Osmanov bildirib.

Almanın satış qiymətini bazar formalaşdırır. Superintensiv alma bağlarında becərilən xarici sort almalar müştərilərə 0.9-1 manata təklif olunur.