Qubada Polis Akademiyasına qəbulla bağlı məktəblilərlə söhbətlər aparılıb. Bu barədə ShimalNews 18 oktyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.
Tədbir Alekseyevka kənd tam orta məktəbində keçirilib. Burada RPŞ-nin rəisi polis polkovniki Mehman Əliyev, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi polis mayoru Rüstəm Hüseynov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Mövzu Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə, polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi olub.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.
Mehman Əliyev ali təhsil almaq arzusunda olan gənclərin Polis Akademiyasına qəbul qaydaları ilə bağlı suallarını cavablandırıb. Bildirilib ki, gənclərimizin hərtərəfli inkişafı üçün Akademiyada müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri yaradılıb.