Qubada Rayon Polis Şöbəsinin əməkdaşları məktəblilər üçün növbəti tədbir keçiriblər. Bu haqda ShimalNews 17 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
“Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda təşkil edilən toplantı 5 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən polis mayoru Hüseyn Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib. Polis mayoru Orxan Şahmarov “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işindən danışıb.
Tədbir çərçivəsində gənclərə narkomaniyanın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.